Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir M.Əliyev/
"Bulla-dəniz" yatağındakı 90 saylı quyunun qazma meydançasında qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytından cümə axşamı bildirilib ki, "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədilə aparılan işlər ötən gün davam etdirilib. Gün ərzində meydançanın cənub hissəsi yanğınsöndürmə gəmilərinin dəstəyi və "Z.Hacıyev" kran gəmisi vasitəsilə artıq əşyalardan tam təmizlənib. Meydançanın digər sahələrinin də təmizlənməsi və qəza-ləğvetmə işlərinin sonrakı ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır.
Paralel olaraq ARDNŞ-nin və ABŞ-ın "Halliburton" şirkətinin "BOOTS & COOTS" servis xidməti mütəxəssislərinin quyuda qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması istiqamətində birgə işlərə başlaması üçün Xəzər Dəniz Neft Donanmasına məxsus "Qurban Abbasov" kran gəmisində zəruri avadanlıqların quraşdırılması da davam etdirilir.