Azərbaycan, Bakı, 21 may /Trend/
"Bulla-dəniz" yatağı üçün yeni 6 nömrəli stasionar dəniz özülü layihələndirilib. Bu barədə Trend-ə ARDNŞ-dən məlumat verilib.
ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin "Neftqaztikinti" Trestidir. 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək.
Özül ən müasir qazma avadanlığı, 90 nəfərlik yaşayış bloku, yanalma və minik meydançaları, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcəkdir. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 8 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir. Özüldən sutkada 600 ton kondensat və 2 milyon kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Özülün inşasına cari ilin sonunda başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.