...

Səngəçal terminalından neft ixracı artıb

Energetika Materials 15 Avqust 2014 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin I yarısında Səngəçal terminalından boru kəmərləri və dəmir yolu vasitəsilə ilə 152 milyon barel neft ixrac olunub. 2013-cü ilin yanvar-iyun aylarında bu göstərici 144 milyon barel təşkil edib. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin 2014-cü ilin I yarısının yekunları üzrə hesabatında deyilir.

Məlumata görə, 2014-cü ilin birinci yarısı ərzində terminal 152 milyon barel neft (o cümlədən 133 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,6 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

2013-cü ildə Səngəçal terminalından boru kəmərləri və dəmir yolu ilə 286,2 milyon barel neft, 2012-ci ildə isı 282,9 milyon barel neft ixrac edilib.

Eləcə də ilin I yarısında terminaldan sutkalıq qaz ixracının həcmi 26 milyon kubmetr, 2013-cü ilin yanvar-iyun aylarında isə təqribən 27 milyon kubmetr təşkil edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti