Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 15,27 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 6,3 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatında deyilir.
İlin ilk 8 ayında istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 14,48 milyard kilovat-saat əmtəə enerjisinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 faiz çoxdur.
Cari ilin 8 ayında istehsal edilmiş elektrik enerjisinin (əmtəə) ümumi həcmindən təqribən 13,53 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7 faiz çoxdur.
Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-avqust aylarında 945,4 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 9,9 faiz azdır.
Həmçinin, hesabat dövründə külək enerjisinin generasiya gücləri tərəfindən 4,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
2013-cü ildə Azərbaycanda təqribən 20,63 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir. 2013-cü ildə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 19,26 milyard kilovat-saat İES-in payına düşüb ki, bu da 2012-ci ilin göstəricisindən 2,7 faiz çoxdur. SES-lər tərəfindən ötən il təqribən 1,37 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 21,7 faiz azdır.