Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ümid Niayeş/
Azərbaycan İranda bərpa olunan enerji sahəsinə investisiya yatırmaq istəyir.
Trend-in İRİB agentliyinə istinadən verdiyi məlumata görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov İran İslam Respublikasının energetika nazirinin müavini Huşəng Fəlahətiyanla görüşdə Azərbaycanın İranda bərpa olunan enerji sahəsinə investisiya yatırtmaq niyyətində olduğunu bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycan İranın geotermal enerji stansiyası haqqında informasiya almağa və bu sahədə də İslam Respublikası ilə əməkdaşlıq etməyə hazırdır.
A.Bədəlov Azərbaycanın İranda alternativ və bərpa olunan enerji layihələrində iştiraka çox ciddi yanaşdığını vurğulayıb.
H.Fəlahətiyan isə görüşdə İranın illik 1000 meqavat külək və günəş enerjisi istehsalı planı olduğunu deyərək, bu hədəfə çatmaq üçün Azərbaycan tərəfinin iştirakı və investisiyasını müsbət qarşıladığını vurğulayıb.
O, əlavə edib ki, bu sahədə fəaliyyət göstərmək istəyən azərbaycanlı nümayəndələr İranın geotermal və külək enerjisi stansiyalarına baş çəkərək informasiya əldə edə bilərlər.
İranlı nazir müavini, həmçinin ölkənin şimal-qərbində yerləşən Urmiya gölünün bərpası haqqında Azərbaycanın təkliflərini gözlədiklərini xatırladıb. Onun sözlərinə görə, Xəzər dənizi və Urmiya gölünün vəziyyəti hər iki ölkə üçün önəmlidir və İran Azərbaycanın Urmiya gölünün bərpası haqqında hər hansı təklifini müsbət dəyərləndirir.
Qeyd edək ki, hazırda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranda rəsmi səfərdədir.
Ş.Mustafayevi səfərdə yüksək vəzifəli nümayəndələrdən ibarət iqtisadi heyət müşayiət edir.
Məlumata görə, SOCAR və "Azərenerji" ASC-nin rəhbər vəzifəliləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, həmçinin Xarici İşlər, Nəqliyyat və Fövqəladə Hallar nazirliklərinin rəsmiləri də bu səfərdə iştirak edirlər.
Səfərdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı, həmçinin Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında əldə edilən razılaşmalar barədə və iki tərəfli əməkdaşlıqlar haqqında müzakirələr aparılır.