Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Emil İsmayılov/
Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatları 3,35 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, ölkənin təsdiq edilmiş neft ehtiyatları isə 2 milyard ton səviyyəsindədir.
X.Yusifzadə qeyd edib ki, ümumilikdə ölkənin neft-qaz ehtiyatları neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir.
ERRA-nın illik konfransında 100-dən artıq tənzimləyici orqanın 300-ə yaxın nümayəndəsi, ekspertlər, investorlar, alimlər, istehlakçılar, ətraf mühitin qorunması üzrə təşkilatların, inkişaf üzrə agentliklərin nümayəndələri, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika ölkələrindən başqa mütəxəssislər iştirak edirlər.