Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Emil İsmayılov/
Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksi (OGPC) çərçivəsində tikintisi nəzərdə tutulan neft emalı zavodu bu layihənin ikinci mərhələsində inşa ediləcək və 2030-cu ildə istismara veriləcək.
Trend xəbər verir ki, bu barədə ikinci OGPC forumu zamanı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin direktoru Tofiq Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, respublikanın neft məhsullarına olan tələbatının təmin olunmasının vacibliyi və qlobal neft-qaz layihələrinin reallaşdırılmasına böyük həcmdə investisiyaların yatırılması nəzərə alınaraq, neft emalı zavodunun tikintisinin iş qrafikinə dəyişiklik edilməsinə dair qərar qəbul olunub.
T.Qəhrəmanov bildirib ki, həmçinin Azərbaycanda yanacağa olan tələbatın təmin edilməsi çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması, eləcə də onun daha 15 il ərzində öz işini davam etdirməsi haqqında qərar qəbul edilib. O deyib ki, eləcə də zavodun yenilənməsi və 7-8 qurğunun tikintisi işlərinin aparılması planlaşdırılır.
ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti qeyd edib ki, qaz emalı zavodunun və neft-kimya məhsullarının istehsalı üzrə müəssisənin tikintisi OGPC-nin 2020-ci ildə tamamlanması planlaşdırılan birinci mərhələsi çərçivəsində nəzərdə tutulur.
Qaz emalı zavodunun gücü ildə 12 milyard kubmetr təşkil edəcək, eləcə də il ərzində 860 min ton polimer məhsullar istehsal olunacaq.
Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra neft-kimya müəssisəsinin əsas xammalı kimi naftadan imtina edilməsi və qazla işə keçilməsi qərara alınıb.
Layihənin birinci mərhələsinin dəyəri yeddi milyard dollardır (kredit faizləri nəzərə alınmaqla 8,45 milyard dollar). Layihənin öz xərcini çıxarma müddəti 4-5 ildir. Layihənin 30 faizi dövlət vəsaitləri hesabına (məbləğ beş il ərzində hissələrlə ayrılacaq), 70 faizi isə cəlb edilmiş vəsaitlərin hesabına həyata keçiriləcək.
OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.