Azərbaycan, Bakı, 8 iyul /Trend/
Azərbaycanın energetika naziri Natiq Əliyev Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardinini qəbul edib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri və əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanla Meksikanı böyük məsafə ayırsa da, yeni formalaşan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan N.Əliyev deyib ki, enerji sahəsində əməkdaşlıq iki ölkənin yaxınlaşmasına və əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.
Meksika kimi Azərbaycan da dənizin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatı və hasilatı sahəsində böyük təcrübəyə malikdir. N.Əliyev bu baxımdan texnologiya sahəsində də təcrübə mübadiləsinin vacibliyinə toxunaraq, eyni zamanda, alternativ enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Nazir hazırda geotermal enerji əsasında elektrik istehsalının həcminə görə dünyada ön sıralarda qərarlaşan Meksikanı bu istiqamətdə Azərbaycanla əməkdaşlığa çağırıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın ilkin mərhələdə olduğunu deyən Meksikanın Azərbaycandakı səfiri X.R.Labardini isə bildirib ki, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təxminən 2 mln. dollar təşkil edir. Lakin Meksika bu göstəricini artırmaqda maraqlıdır. Burada da enerji əməkdaşlığı mühüm rol oynaya bilər.
Görüşdə, həmçinin enerji əməkdaşlığının yaradılması üçün memorandum formatında hüquqi bazanın formalaşdırılmasının vacibliyi qeyd edilib.