...

Daha 4 kənddə oduna son

Energetika Materials 13 Oktyabr 2015 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bu gün Sabirabad, Biləsuvar, Neftçala və Yevlax rayonlarının daha 4 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Sabirabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 163 abonenti olan Sabirabad rayonunun Çığırğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 383 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Biləsuvar rayonunun 67 abonentlik Arazbarı kəndinin qazlaşdırılması zamanı ümumilikdə 26 766 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin olunublar.

Həmin gün Neftçala rayonunun ictimaiyyəti üçün də əlamətdar olub. Rayonun 250 abonentə malik Qaçaqkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə 20 475 metr uzunluğunda qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun Əkşəm kəndində keçirilmiş tədbirdə qeyd olunub ki, 275 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18 171 metrlik boru xətləri çəkilib, 275 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti