Bakı. Ləman Zeynalova – Trend:
Yunanıstanın energetika və ətraf mühit naziri Yorqos Statakisin fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclası ərəfəsində Trend-ə müsahibəsi
- Fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclasından gözləntiləriniz nələrdir?
- Hesab edirəm ki, bu iclas layihənin reallaşdırılmasında daha böyük irəliləyişlərə nail olmağa imkan verəcək. Bu görüş Avropa İttifaqının strateji məqsədini – qaz tədarükü marşrutlarını diversifikasiya etmək niyyətini təsdiq edir və deyilənlərin kağız üzərində qalmadığını, həyata keçirildiyini göstərir. “Cənub Qaz Dəhlizi”nə təşəbbüs göstərilən andan bəri üç il ərzində qaz tədarükçüləri ilə tranzitçilər arasında əməkdaşlığın qurulması da bu layihənin prioritetliyindən xəbər verir. Növbəti addım bu dəhlizin genişləndirilməsi və tədricən “Cənub-Şərq enerji qovşağı”nın yaradılması yolu ilə əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsini təmin etməkdir.
- Siz Transadriatik qaz kəmərinin (TAP) Yunanıstan üçün əhəmiyyətini və ümumilikdə layihənin icrasında irəliləyişi necə qiymətləndirirsiniz?
- TAP “Cənub Qaz Dəhlizi” konsepsiyasının həyata keçirilməsinə yardım edən əsas halqadır. Layihənin Yunanıstan ərazisində icrası (550 kilometr) maneəsiz və qrafikə uyğun davam edir. Boru kəmərinin ilk 30 kilometrliyində işlər başa çatıb, digər məntəqələrdə isə tam sürətlə davam edir. Tikinti işlərində yerli şirkətlərin iştirakı Yunanıstanın şimalında iqtisadiyyatın canlanmasına gətirib çıxarıb. Bu layihənin uzunmüddətli səmərəsi hələ qarşıdadır, çünki TAP “Cənub Qaz Dəhlizi” çərçivəsində aparıcı tranzitçi kimi ölkənin mövqeyini möhkəmləndirəcək. Eyni zamanda boru kəmərinin gücünün gələcəkdə 20 milyard kubmetrədək artırılması və qazın saxlanması üçün əlavə infrastruktur işləri Yunanıstanın qaz qovşağına çevrilməsinin əsasını qoya bilər.
- DESFA qaz operatorunun özəlləşdirilməsi ilə bağlı işlər hansı mərhələdədir?
- DESFA-nın özəlləşdirilməsi layihəsi kifayət qədər riskli oldu, bu əməliyyat zamanı incə nüanslar və hüquqi qeyri-müəyyənlik ortaya çıxdı. Hökumətimiz lap əvvəldən qaz operatorunun özəlləşdirilməsi prosesinə başlamaq qərarını qəbul etmişdi. Yaxın zamanlarda Aİ tələblərinə uyğun yeni tender elan olunacaq və potensial alıcılar üçün keyfiyyət standartları, o cümlədən investisiyalar və yeni iş yerlərinin yaradılması ilə bağlı planlar müəyyən ediləcək.
- İtaliya, Yunanıstan, Kipr və İsrail İsraildən Avropaya qaz ixracı üçün boru kəmərinin inşası ilə bağlı danışıqlar aparmaq barədə razılığa gəliblər. İsrail qazının Avropaya ixrac imkanlarını necə dəyərləndirirsiniz?
- Aİ ölkələrinin Livan hövzəsinin resurslarına birbaşa çıxışının təmin olunması prioritet layihə kimi nəzərə alınmalıdır, çünki yeni yataqların kəşfi ilə bu hövzədə sübut edilmiş qaz ehtiyatları 1,2 trilyon kubmetrədək artıb ki, bu da Azərbaycanın "Şahdəniz" yatağının ehtiyatlarına bərabərdir. İsraildəki "Tamar" və "Leviafan" yataqlarından Cənubi Avropaya qaz tədarükünü nəzərdə tutan "EastMed" (İsrail-Kipr- Yunanıstan-İtaliya) sualtı boru kəmərinin tikintisi layihəsinin ilkin tədqiqatı onu göstərdi ki, Şərqi Aralıq dənizi bölgəsində hazırkı qaz yataqları və gələcəkdə yeni yataqlarının kəşfi dinamikasını, eləcə də Avropanın qaza artan tələbatını nəzərə alsaq, bu, qaz ixracatı üçün həyati əhəmiyyətli variantdır. Bu layihə həm də Aİ-nin məqsədlərinə uyğundur - tədarükün təhlükəsizliyini təmin etmək və tədarük marşrutlarını şaxələndirmək. Hesab edirəm ki, layihənin inkişaf etdirilməsi üçün bütün maraqlı tərəflər əməkdaşlığı səmərəli və qarşılıqlı şəkildə davam etdirməlidirlər.
- "Cənub Qaz Dəhlizi"nin Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) və İon-Adriatik qaz boru kəməri (IAP) kimi şaquli boru kəmərləri ilə birləşməsi perspektivlərini necə qiymətləndirirsiniz?
- Əgər "EastMed" boru kəməri "Cənub-Şərq enerji qovşağı"nın cənub hissəsi kimi nəzərdə tutulacaqsa, onda IGB və ya IAP kimi şaquli boru kəmərləri onun şimal hissəsini təşkil edəcək. Hökumətimiz bu layihələri, xüsusilə IGB-ni tam dəstəkləyir. IGB gələcəkdə Şərqi Avropa və Balkanlara qaz tədarükünün təhlükəsizliyini təmin edəcək şaquli dəhlizin inkişafına kömək edən aparıcı layihədir. Bu layihəni həyata keçirmək məqsədilə biz bolqar tərəfdaşlarımızla səmərəli əməkdaşlığı davam etdirmək niyyətindəyik.