...

Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlanıb

İqtisadiyyat Materials 18 Noyabr 2025 12:30 (UTC +04:00)
Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana məhsul idxalının həcmi 19,225 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, idxalda dövlət sektoru 6,2 milyard dollar, özəl sektor 11,2 milyard dollar, fiziki şəxslər isə 1,8 milyard dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 35,3%, 7,9% və 9,3% artıb.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 32,25%, özəl sektorun 58,45%, fiziki şəxslərin isə idxalda payı 9,30%-ə bərabər olub.

Eyni zamanda, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan məhsul ixracının dəyəri 21,637 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 9,7 milyard dollar, özəl sektor 11,8 milyard dollar, fiziki şəxslər isə 108,3 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,3%, 0,8% və 9,2% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 44,94%, özəl sektorun 54,56%, fiziki şəxslərin isə idxalda payı 0,50%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti