...

Deputat: Avropa ölkələri enerji təhlükəsizliyinə təhdid yaradan Ermənistana ciddi təzyiq göstərməlidir

Energetika Materials 7 Oktyabr 2020 12:34 (UTC +04:00)
Deputat: Avropa ölkələri enerji təhlükəsizliyinə təhdid yaradan Ermənistana ciddi təzyiq göstərməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini bombalamağa cəhd etməklə təkcə Azərbaycana ziyan vurmur, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, cəbhə xəttində ordumuz tərəfindən ağır və biabırçı məğlubiyyətə uğradılan Ermənistan mülki əhalini və obyektləri atəşə tutmaqla nəyəsə nail olmaq istəyir: “Ermənistan elə düşünürdü ki, mülki əhalini atəşə tutmaqla insanlar arasında panika, təlaş yarada biləcək və bununla da Azərbaycanı atəşi dayandırmağa, danışıqları bərpa etməyə məcbur edə biləcək. Lakin Ermənistanın bu cəhdləri əks effekt verdi, Azərbaycan əhalisi nəinki qorxmadı, əksinə daha da ruhlandı, qələbə əzmi daha da artdı.

Artıq müharibədə məğlub olaraq son nəfəsini yaşayan Ermənistan vəziyyətdən çıxmaq üçün düşüncəsiz addımlar atır, müharibə cinayətləri törətməkdə davam edir".

K.Bayramov bildirib ki, BTC-ni vurmaq cəhdi isə Ermənistanın nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir:

"Ermənistan bu mənfur hərəkəti ilə təkcə Azərbaycana deyil, Avropa ölkələrinin, qlobal şirkətlərin də maraqlarına ziyan vurmuş olur. Ermənistan nəzərə almır ki, BP, AzBTC, MOL, Equinor, TPAO, Eni, Total, ITOCHU, INPEX, ExxonMobil və ONGC (BTC) Limited kimi nəhəng şirkətlər BTC-də pay sahibidir və bu kəmər Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Hesab edirəm ki, həm Avropa ölkələri, həm də adıçəkilən şirkətlər Ermənistanın bu çirkin əməlini pisləməli və Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki Ermənistan təkcə region üçün deyil, bütün dünya üçün təhdid yaratmaqda davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti