Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə "Star" neft emalı zavodu təxminən 76 milyon barel neft emal etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Anar Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, "Star" neft emalı zavodu 20-yə yaxın xam neft növünün emalı ilə məşğuldur:
"Biz, əsasən xam neftin ağır növlərinə üstünük veririk. Bizim üçün ən optimal növ İran neftidir. Amma hazırda müəyyən səbəblərdən biz İran neftini əldə edə bilmirik. Ona görə də alternativ növlərdən istifadə edirik".
Qeyd edək ki, "Star" neft emalı zavodunun açılışı 2018-ci ilin oktyabrında Türkiyənin İzmir vilayətində baş tutub. 6,3 milyard dollara investisiya dəyəri olan layihənin 3,3 milyard dollarlıq qismi layihə maliyyələşdirmə kreditiylə qarşılanmışdır. NEZ-ın əməliyat çevikliyini, məhsuldarlığını, logistika qabiliyyətini və gəlir əldə etmə imkanlarını daha da genişlətmək üçün planlaşdırılan yeni investisiyalarla (AOSTE, COFOT, IFOP v.b.) toplam investisiya məbləğinin 7 milyard dollar olması gözlənməkdədir.