Bakı. Samir Əli - Trend:
"Azərişıq" ASC-nin 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyası hazırlanıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.
O bildirib ki, "Azərişıq" ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir:
"Bu məqsədlə İşçi qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərişıq ASC beynəlxalq reytinqə sahib olan Deloitte şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib. Azərişıq ASC-nin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur", - İ.İsazadə deyib.
ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə sə qeyd edib ki, strategiya elə hazırlanıb ki, onda dəyişiklik edilməsi mümkündür:
"Əgər ehtiyac yaranarsa, strategiyada müəyyən dəyişikliklər edilə bilər," - deyə qurum rəsmisi bildirib.