Bakı. Trend:
SOCAR növbəti ekoloji nailiyyətə imza atıb. Belə ki, şirkət ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların sertifikatlaşdırılmasını həyata keçirib.
SOCAR-dan Trend-ə verilən
məlumata görə, bu layihə neft-qaz sektorunda emissiyaların ciddi
şəkildə azaldılması ilə yanaşı, əlavə iqtisadi üstünlüklərin əldə
edilməsinə şərait yaradıb.UER mexanizmi neft-qaz əməliyyatları
zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə
azaldılmasına nail olmaq üçün səmərəli alətdir.
Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən, neft-qaz
təchizatçıları UER layihələrini əməliyyatlar zamanı emissiyaların
azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma
endirilməsi məqsədilə həyata keçirir və bu barədə müvafiq
sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER
sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki,
bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə
çatması üçün bir vasitədir.
Belə ki, Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq
çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində “Sızmaların
müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and
Repair” - LDAR) pilot layihəsinin həyata keçirilməsinə dair 2018-ci
il 11 may tarixli Anlaşma Memorandumu imzalanıb.
Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ,
Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına
NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirilib, sızma
mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün
müvafiq tədbirlər görülüb.
Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14500 ton CO2
ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq
qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat
mənfəət əldə edib.
SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq,
gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya
həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək
niyyətindədir.