Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə virtual qaydada “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri – qarşılıqlı bağlılıq və birgə əməkdaşlıq üçün əsas” adlı konfrans keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi konfransda Avrasiya regionunun sosial-iqtisadi inkişafında nəqliyyat dəhlizlərinin rolu, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər və digər ölkələr arasında nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Türkiyə təmsilçiləri, həmçinin TRASEKA Hökumətlərarası Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının nümayəndələri çıxış ediblər.
Konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi gündəliyimizdə prioritet məsələdir və son on ildə regionda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün böyük səylər göstərilib.
Nazir müavini əlavə edib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında xüsusi rol oynayır. Bu gün Azərbaycanda yüklərin istər Şimal, Cənub, istərsə də Şərq, Qərb istiqamətləri üzrə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb.
“Bu gün biz Orta Dəhlizə artan marağı müşahidə edirik. Bu səbəbdən Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması üçün Türkiyə və Gürcüstanla birlikdə əlavə səylər göstəririk”, – deyə Rəhman Hümmətov vurğulayıb.
Nazir müavini çıxışının davamında həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında məlumat verib.
Rəhman Hümmətov qeyd edib ki, ən qısa və təhlükəsiz tranzit dəhlizi olan Zəngəzur dəhlizinin tikintisi Çinlə Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək və regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.
Çıxışının sonunda regionun nəqliyyat potensialından maksimum istifadə etməyin ümumi məqsəd olduğunu bildirən nazir müavini ölkələrin bir-birini tamamlayan nəqliyyat sistemlərinin davamlı iqtisadi inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.