...

TAP konsorsiumu boru kəmərinin ötürücülük imkanlarının tam genişləndirilməsindən danışıb

Energetika Materials 14 Fevral 2023 15:28 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

22 yanvar 2023-cü ildə məcburi təkliflərin verilməsi prosesi tamamlandıqdan sonra TAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsini başladıb.

Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə müsahibəsində deyib.

İcraçı direktorun bildirdiyinə görə, 2026-cı ildən uzunmüddətli sazişlər çərçivəsində boru kəməri ilə ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək.

"Bu, 2027-ci ilədək tədarükün ildə 20 milyardadək ikiqat artırılması məqsədilə TAP-ın ötürücülük imkanlarının genişləndirilməsinin başlanğıcıdır. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması tələb və təklifdən asılı olduğundan, bazar testlərinin yekunlarına əsasən alıcılar tədarüklərin daha da artırılmasında maraqlı olduqlarını təsdiqlədikdən sonra tam genişlənməyə nail olunacaq", - o deyib.

Luka Skyepatti TAP imkanlarının mərhələli şəkildə ikiqat artırılacağını qeyd edib.

"Bazar testi 2021-ci ildə başladılıb. Birinci mərhələ yanvarın 22-də tamamlandı, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlamağı planlaşdırırıq", - o əlavə edib

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti