...

Neft bir faizdən çox bahalaşıb

Energetika Materials 15 Mart 2023 10:00 (UTC +04:00)
Neft bir faizdən çox bahalaşıb

Bakı. Trend:

Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiymətinin 1%-dən çox bahalaşdığından xəbər verir.

Trend-in məlumatına görə, iki ticari ucuzlaşma sessiyasından sonra kotirovkalar stabilləşməkdədir, investorlar həmçinin ABŞ-da ehtiyatlara dair həftəlik statistikanı gözləyərkən tələbat proqnozlarına da diqqət yetirirlər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 1,39% artaraq 1 bareli 78,53 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,51% artaraq 1 bareli 72,41 dollara çatıb.

Neft kotirovkaları iki gün ardıcıl olaraq ucuzlaşıb və bu müddət ərzində dəyəri 6%-dən çox azalıb. Səbəb isə qlobal səviyyədə fond bazarlarının ucuzlaşması fonunda riskdən uzaqlaşma olub, belə ki, investorlar ABŞ-da bir neçə bank bağlandıqdan sonra bank sektorundakı vəziyyətə görə narahat olublar. Narahatlıqlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) sərt siyasəti ilə əlaqədar olub.

"Neft investorları FES-in siyasi qərarlarına əlavə aydınlıq gətirilənədək dəyişkənliyi qiymətləndirməlidirlər", - Bloomberg agentliyinə istinadən Phillip Nova Pte Ltd-nin analitiki Priyanka Saçdeva deyib.

Treyderlər həmçinin Amerika Neft İnstitutunun (API) ABŞ-da kommersiya ehtiyatlarına dair məlumatlarına diqqət yetirirlər. API-nin qiymətləndirməsinə əsasən, ötən həftə ölkədə neft ehtiyatları 1,2 milyon barel artıb, halbuki 0,6 milyon artım gözlənilirdi. Rəsmi statistika ölkənin energetika nazirliyi tərəfindən bu axşam dərc olunacaq. Analitiklər həmçinin 1,2 milyon artım proqnozlaşdırırlar.

İnvestorlar həmçinin OPEC-in bir gün əvvəl dərc olunmuş hesabatının məlumatlarını qiymətləndirirlər. Təşkilat özünün aylıq hesabatında dünyanın ən böyük neft istehlakçılarından və idxalçılarından biri olan Çində tələbatın artacağını gözlədiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti