Bakı. Trend:
Təbii qazın, təmiz enerjinin və hidrogenin nəqli mənbələrini şaxələndirmək lazımdır.
Trend -in məlumatına görə, bunu bu gün Macarıstanın təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Starey Bakı Enerji Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün investisiyaları artırmaq lazımdır.
"Azərbaycanın təbii qaz hasilatı, eləcə də gələcəkdə hidrogen istehsalı sahəsində mühüm potensialı var. Hesab edirəm ki, qaz kəmərlərinin yaradılması və genişləndirilməsi marşrutları şaxələndirməyə imkan verəcək. Macarıstanın böyük qaz anbarı var və ölkə artıq onu doldurmağa başlayıb. Bundan əlavə, yaradılması planlaşdırılan “yaşıl” dəhliz fantastik layihədir və biz onun həyata keçirilməsini tam dəstəkləyirik və digər oyunçuların da bu layihəyə cəlb olunmasını alqışlayırıq”.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl" elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək.