Bakı. Trend:
Bolqarıstan Azərbaycandan Avropa İttifaqına (Aİ) qaz tədarüklərinin artırılmasında maraqlıdır.
Bu barədə Trend-ə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən bildiriblər.
"Azərbaycan Bolqarıstanın strateji enerji tərəfdaşı və ölkəmizə təbii qaz tədarüklərinin diversifikasiyasının vacib mənbəyidir. 1 oktyabr 2022-ci ildən etibarən Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismarı sayəsində Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizi strateji infrastrukturunun ayrılmaz tərkib hissəsinə çevrildi və bununla da təbii qaz mənbələrinin və Avropa ölkələrinə tədarük marşrutlarının diversifikasiyasını gücləndirməyə kömək etdi. Azərbaycandan Aİ-yə qaz tədarüklərini artırmaq üçün şəraitin təmin olunması bizim üçün böyük maraq kəsb edir", - deyə mənbə bildirib.
O, Bolqarıstanın mövcud və yeni qaz yataqlarının işlənilməsinin necə irəlilədiyini, eləcə də Azərbaycanda enerji sektorunun böyüməsi ilə bağlı gözləntiləri müzakirə etməkdən məmnunluq duyacağını əlavə edib.
"Bolqarıstan Azərbaycanla qaz tədarükləri sahəsində strateji tərəfdaşlığın genişləndirilməsində maraqlıdır ki, bu da enerji təhlükəsizliyi və diversifikasiya məqsədlərinin əldə edilməsində mühüm faktordur. Tədarüklərin konkret həcmi təkcə Bolqarıstan iqtisadiyyatı və istehlakçılarının deyil, qonşularımızın da bazardakı marağından və tələbatından asılıdır. Biz Azərbaycanla illər ərzində dərinləşən və yeni tərəfdaşlıq üçün üfüqlər açan ikitərəfli əməkdaşlığımızı yüksək qiymətləndiririk. IGB-nin gücünün 5 milyard kubmetrədək artırılması planlaşdırılır", - mənbə qeyd edib.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)
