Bakıda Atatürk adına mərkəzdə "Energetika sektorunun liberallaşdırılması və elektrik enerjisinin paylanmasının Azərbaycan modeli" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Tədbirdə iştirak etmək məqsədilə tərkibinə Türkiyənin parlament deputatlarının, ölkənin Energetika Nazirliyinin nümayəndələrinin daxil olduğu nümayəndə heyəti Bakıya gəlib.
Azərbaycan tərəfindən Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiyasının, iqtisadi siyaət üzrə daimi komissiyanın, Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak edib.
Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul qeyd edib ki, konfransın keçirilməsində məqsəd elektrik enerji sektorunun özəlləşdirilməsi və liberallaşdırılmasına dair müzakirələrin aparılmasıdır. "Kommunal xidmətlərin dövlət tənzimlənməsi haqqında" qanun layihəsini Azərbaycan hökumətinin müzakirəsinə çıxarmaq planlaşdırılır.
Tədbirin gedişində Azərbaycan bu istiqamətdə Türkiyənin təcrübəsi ilə tanış olub. Türkiyəli iştirakçılar da Barmek Azərbaycan şirkətinin təcrübəsi ilə tanış olublar, belə ki, hazırda Türkiyədə enerji paylayıcı şəbəkələrin uzun müddət idarə olunması üzrə təcrübə tətbiq olunmur.
Energetika və Təbii Sərvətlər Nazirliyinin energetika məsələləri üzrə baş direktoru Budak Dilli energetika sektorunda liberallaşmanın tarixindən danışaraq qeyd edib ki, bu istiqamətdə əsas vəzifə əhalinin elektrik enerjisinin mal olduğunu başa düşməsidir.
"Elektrik enerjisi ilə təmin etmə xidmətləri hökumət tərəfindən təşkil edilməlidir. Lakin bu, özəl sektorun həmin xidmətləri göstərməyə cəlb edilməsinin qeyri-mümkün olması demək deyil", - deyə o əlavə edib.