...

Asiya bankı Azərbaycanda bərpa olunan elektrik enerji mənbələri üzrə MDB-də ən iri layihənin hazırlanmasına başlayır

Energetika Materials 18 Fevral 2006 14:46 (UTC +04:00)

Bu gunlərdə Asiya İnkişaf bankı ilə Azərbaycanda alternativ elektrik enerji mənbələrinin tətbiqi layihəsi üzrə qrant sazişi imzalanacaq. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Sazişin imzalanması üzrə səlahiyyətlərin sənaye və energetika naziri Natiq Əliyevə və iqtisadi inkişaf naziri Heydər Babayevə veriləcəyi nəzərdə tutulub.

AİB Azərbaycanda birinci enerji layihəsinin hazırlanmasına $900 min ayırıb. Artıq məsləhətçinin seçilməsi üzrə tender proseduru keçirilir. Layihədə əsas məqsəd ölkə regionlarının elekrtik enerjisi ilə təmin olunmasıdır. Yəni yel dəyirmanı, minihidravlik və günəş enerjisindən istifadə etməklə regionları alternativ enerji mənbələri ilə təmin etmək nəzərdə tutulur. Bu, regionlarda kənd təsərrüfatı fəaliyyətini dəstəkləmək üçün vacibdir. AİB layihənin gerçəkləşməsinə 2006-cı ildə $40 mln ayırmağı planlaşdırır.

Maraqlısı isə odur ki, bank kreditin ayrılması şərtlərinə yenidən baxıb. Əgər əvvəllər kreditin ümumi məbləğinin $15 milyonunun güzəştli şərtlərlə ayrılması planlaşdırılırdısa, indi bank bu şərtlərlə $25 mln ayırmağa hazır olduğunu bildirir. Qalan məbləğ isə adi şərtlərlə veriləcək. Azərbaycan tərəfi layihənin bu il həyata keçirilməsi üçün onun hazırlanmasını sürətləndirməlidir. Bu, bərpa olunan elektrik enerji mənbələri üzrə MDB-də ən iri layihə olacaq.

Hökumət bu sahənin inkişafına böyük diqqət ayırır. QİƏT-ə üzv ölkələrin enerji məsələləri üzrə işçi qrupunun bu yaxınlarda keçirilmiş görüşündə N.Əliyev qeyd edib ki, bərpa olunan elektrik enerji mənbələrini kiçik elektrik stansiyalarında və yel dəyirmanlarında inkişaf etdirmək lazımdır.

Qeyd edək ki, keçən il Azərbaycan AİB-in "Bərpa edilən enerji, enerji səmərəliliyi və istixana qazlarının azaldılmasının araşdırılması" (PREGA) regional texniki yardım layihəsinə qoşulub. Ölkədə Sənaye və energetika nazirliyi ilə birlikdə bərpa edilən enerji mənbələrinə dair hesabat hazırlanır.

Niderland hökumətinin maliyyələşdirdiyi və AİB-in idarə etdiyi PREGA layihəsinin dəyəri $4,5 mln-dur və bankın 12 üzvü (Mərkəzi Asiya ölkələri, ÇXR və Monqolustan) üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti