Azərbaycanın Sənaye və Energetika Nazirliyi komissiyasının yanacaqdoldurma stansiyalarında maye qazın qiymətinin qanunsuz qaldırılması faktı üzrə keçirdiyi yoxlamalar zamanı bir sıra stansiyalarda məhsulun bu növünün 1 litrinin 20-24 qəpiyə satıldığı aşkar edilib. Bu fakt işlərin stansiyalara verilən lisenziya və şərtlərə müvafiq aparılmadığını göstərir. Trend in verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.
Yanacağın bu növü üzrə qiymətlər ölkənin Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü il noyabrın 1-də müəyyənləşdirilib və maye qazın 1 litrinin 15-17 qəpik həcmində satışı müəyyən edilib. Nazirliyin həyata keçirdiyi tədbirlər nəticəsində Salyan rayonunda 2 və Masallı rayonunda 3 stansiyanın fəaliyyəti 3 ay müddətinə dayandırılıb. Nazirlikdən bildirilib ki, Bakıda və Azərbaycanın regionlarında yoxlamalar davam etdiriləcək.