Eyniadlı yataqda yerləşən "Çıraq-1" platformasında qazın utilizasiyası üzrə yeni qurğu tikiləcək. Bu barədə Trend ə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev xəbər verib.
Onun sözlərinə görə, hər il qurğuların təkmilləşdirilməsi həyata keçirilir. Hazırda "Çıraq" yatağında qazın utilizasiyası üzrə sutkada 2 milyon 600 min kub metr gücə malik qurğu var. Neftin çıxarılmasının və səmt qazının artmasını nəzərə almaqla, yeni layihənin həyata keçirilməsi ehtimal olunur. Bu layihə onun buraxma qabiliyyətinin 4 milyon 600 min kub metrə qədər artırılmasıdır.
Hazırda proqramın layihəsi hazırlanıb. ARDNŞ bu proqramı gözdən keçirib və bəyənib. Platformanın bünövrəsinin qoyulma imkanlarına gəlincə isə, R.Abdullayev qeyd edib ki, hazırda o, 14,5 min ton yüklənib və yeni avadanlığın tikintisi böyük yüklənməyə səbəb olmayacaq. Hazırda ARDNŞ-in mütəxəssisləri hesablama işləri aparır. Qurğu qazın qurudulması və onun sahilə nəql edilməsi üçün nəzərdə tutulub.