Avqust ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Cənubi Qafqaz ixrac qaz kəmərində işlərin həyata keçirilməsi üçün 0,94 mln. kubmetr qaz hasil edərək təhvil verib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Ötən 4 ay ərzində (qazın ötürülməsi may ayından başlanıb) 38,44 mln. kubmetr qaz təhvil verilib.
Cənubi Qafqaz boru kəməri layihəsinin texniki operatoru - BP Səngəçal terminalında kəmərə qaz vurmaqla qaz ixracının yeni sisteminin sınağına başlayıb. Bir qədər əvvəl isə kəmərin tikinti və hidropresləşdirmə prosesi həyata keçirilib. İlk qaz bu ilin sentyabr ayının sonunda yola salınacaq.
Xatırladaq ki, sınaq məqsədi ilə qaz Səngəçal terminalından Cənubi Qafqaz boru kəmərinə mayın 21-də vurulub. Hazırda presləşdirmə və qurğu və avadaqnlıqların əməliyyat sınaqları həyata keçirilir.
Cənubi Qafqaz boru kəmərinin tam sınaqdan keçməsi üçün (Şahdəniz platformasından Səngəçal terminalına qədər və daha sonra Gürcüstan-Türkiyə sərhədinə qədər) təxminən 0,1 mlrd. kubmetr qaz tələb olunacaq. Sınaq üçün ARDNŞ-in "Azəri-Çiraq-Günəşli" yataqlarından hasil etdiyi səmt qazı istifadə olunacaq.