"Bakı və Sumqayıt elektrik şəbəkələri"nin təhvil-təslimi üzrə dövlət komissiyası 15 gün ərzində öz işini başa vuracaq. Bu barədə Trend ə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.
Onun sözlərinə görə, "Barmek Holdinq"in elektrik şəbəkəsinə sərmayə qoyuluşlarını qiymətləndirmək üçün cəlb olunmuş Ernst & Young auditor şirkəti çox yaxşı iş aparıb.
"Şirkət Barmekin bəyanatlarına görə, onun sərmayə qoyduğu obyektlərin fotolarından ibarət albom hazırlayıb. Hazırda onların inventarlaşdırılması həyata keçirilir və görülmüş iş üzrə artıq bir sıra məqamlar aşkar olunub",- deyə H.Babayev qeyd edib.
Nazir bildirib ki, işlərin ümumi həcminin 70%-i başa çatıb və inventarlaşdırmanı yekunlaşdırmaq və real vəziyyəti nəzərdən keçirmək üçün iki həftəlik iş qalıb.
"Elektrik şəbəkələrinin təhvil-təslim proseduru Barmek Holdinqlə müqavilənin pozulmasının müəyyən mərhələsidir. Onlar elektrik şəbəkələrini təhvil verməyənə, biz isə qəbul etməyənədək müqaviləni tamamilə pozulmuş hesab edə bilmərik", - deyə nazir qeyd edib.