Əgər əsasən Azərbaycanın istilik elektrik sansiyaları üçün idxal olunan Rusiya qazı ölkəyə ixrac və mazut satışı üzrə əməliyyatlardan baha başa gələrsə, onda respublika xaricdən qaz alınmasından imtina edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.
Onun sözlərinə görə, əgər Rusiya respublikaya idxal olunan qazın hazırki qiymətini saxlayarsa, onda Azərbaycan məmuniyyətlə onu almağa davam edəcək. Hazırda ARDNŞ "Qazeksport" ASC-dən qazın 1 min kubmetrini 110 dollara alır.
"Lakin əgər Azərbaycan onun alınmasında səmərəlilik görməsə, onda o alınmayacaq. Bu halda, Azərbaycan öz ehtiyatlarından istifadə edəcək", - deyə nazir qeyd edib.
N.Əliyevin bildirdiyinə görə, gələn il üçün qaz idxalına dair danışıqlarla bağlı tələsmək lazım deyil.
"Görək, bu məsələdə MDB-nin digər ölkələri ilə siyasət necə olacaq. Bu yaxınlarda Rusiya və Ukrayna baş nazirlərinin görüşü olub. Onlar arasında bu il üçün qiymətə dair razılaşma əldə olunub. 2007-ci il üçün qaza dair danışıqlar isə ilin sonuna kimi aparılacaq. Biz Ukrayna, Moldova və Gürcüstanla danışıqların gedişatını müşahidə edəcəyik və bunun əsasında qərar qəbul edəcəyik", - deyə nazir bildirib.