2006-cı ilin 10 ayı ərzində Azərbaycanda elektrik enerjisinin sərfiyyatı ötən ildəkindən 5,5% çox - 19,9 mlrd. kVt/s təşkil edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin keçirdiyi müşavirədə "Azərenerji" səhmdar cəmiyyətinin başçısı Etibar Pirverdiyev məlumat verib.
Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanda 19,3 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub, bu isə ötən ilin analoji dövründən 6,9% (1,3 mlrd. kVt/s) çoxdur. E.Pirverdiyev qeyd edib ki, elektrik enerjisi istehsalı üçün yanacağın ümumi sərfiyyatında 76% qazın payına düşür.
"Azərenerji"nin idarə etdiyi şəbəkələrdə abunəçilərə tədarük olunmuş elektrik enerjisinə görə vəsait yığımı 69% təşkil edib. Yığımın ümumi göstəricisi 70%-ə çatır. Hazırda bu şəbəkələrdə abunəçilərin sayı 810 min təşkil edir. 2000-ci ildə bu göstərici 600 min təşkil edib.
E.Pirverdiyev qeyd edib ki, sayğacların quraşdırılması başa çatanadək abunəçilərin sayı 900 min təşkil edə bilər. İnventarlaşdırma zamanı abünəçilərin sayı artır. Hazırda abunəçilərin 65%-də sayğac quraşdırılıb. Hər ay təxminən 90 min sayğac quraşdırılır.