...

Xarici şirkət Azərbaycanın neft layihəsində iştirak payının əsas hissəsini almaq istəyir

Energetika Materials 17 May 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir V.Şərifov/ Hindistanın ONGC Videsh Ltd. şirkəti Azərbaycanın "Kürovdağ" quru yatağının işlənməsi layihəsində iştirak etmək istəyir. Bu barədə məlumatı ONGC Videsh-in rəsmi nümayəndəsi International Oil Daily verib. "Kürovdağ" quru yatağının işlənilməsi barədə müqavilə 5 noyabr 2005-ci ildə imzalanıb.

Müqavilənin qüvvədə olma müddəti 25 ildir. Əməliyyat şirkəti 3 il müddətində neft çıxarılmasını 2003-cü ildəki göstərici ilə müqayisədə 1,5 dəfə artırmalıdır. Hazırda layihənin iştirakçıları Caspian Energy Group - 51 faiz və 49 faizlə Azərbaycan Dövlət Neft Şirkətidir.

ONGC Videsh 300 mln. dollara Caspian Energy Group-un layihədəki payını almaq istəyir. "Kürovdağ" yatağı 1955-ci ildə Kürsahili çökəklikdə kəşf olunub və Azərbaycanın qurudakı böyük yatağı hesab olunur. Quyunun işlənilməsinə 1956-cı ildə başlanılıb. Hazırda yataq 600 metrdən 3500 metrə qədər dərinlikdə olan 13 məhsuldar quyunu əhatə edir.

Ən yüksək hasilat 1966-cı ildə gündəlik 40 min barel həcmində müəyyən olunub. 1977-ci ildən etibarən isə hasilat 4 min barel neftə qədər azalmağa başlayıb.

Yanvar-aprel aylarında yataqdan 72,75 min ton neft hasil olunub. Aprel ayında hasilat 18,12 min ton təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı Trend -a verilən məlumata görə, hazırda yataqda hasilat işləri Shirvan Oil Birgə Müəssisəsi çərçivəsində həyata keçirilir. Amma indi BM-lə müqavilə PSA tipinə dəyişdirilməsi işləri aparılır.

"Biz xarici tərərfdaşlarımızla təşkilati məsələləri hazırda fəaliyyətin BM-dən PSA-a çevrilməsi çərçivəsində həll edirik",-deyə ARDNŞ-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti