...

Parlament komissiyasının rəhbəri: Azərbaycan Dövlət Büdcəsinin neft sektorundan asılılığı zəifləyir

Energetika Materials 25 May 2007 21:05 (UTC +04:00)
Parlament komissiyasının rəhbəri: Azərbaycan Dövlət Büdcəsinin neft sektorundan asılılığı zəifləyir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova, İ.Əlizadə/ Azərbaycan dövlət büdcəsinin neft sektorundan asılılığı tədricən zəifləyir. Bunu cümə günü Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib. O, büdcə gəlirlərinin formalaşdırılmasında Azərbaycan Dövlət Neft Fondunun xüsusi çəkisinin 11 faizdən 10,4 faizə düşməsini diqqətəlayiq hal hesab edib.

"Bizim hesablamalarımıza görə, iqtisadiyyatda neft sektoru hələ də aparıcı sahədir və bunun obyektiv səbəbləri var. Bütün dünya ölkələrində neft sahəsinin qurulmasına və əlavə gəlirlərin alınmasına ardıcıl 5-6 il tələb olunur",-deyə Səmədzadə bildirib. Hələ ölkənin büdcə gəlirlərinin 42 faiz neft sektorunun hesabına formalaşdırılır.

Maliyyə naziri Samir Şərifovun fikrincə, 2008-2009-cu illərdə dövlət büdcəsinin neft gəlirlərindən asılılığı artacaq. Neftin dünya bazarlarında qiymətindən asılı olaraq ARDNF-in gəlirləri 4 mlrd. dollara qədər arta bilər.

Büdcə düzəlişləri zamanı ARDNF-dən transferlərin artırılması nəzərdə tutulmayıb. Əlavə xərclər isə 138,5 mln. manat təşkil edib. Bu vəsaitdən 50 mln. manat Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinə, 88,5 mln. manat Azərbaycan Dövlət Neft Şirkətinə yönəldiləcək.

Nazir hökumətin büdcənin neft sektorundan asılılığını azaltmağa hazır olduğunu bildirib. Bunun üçün qeyri-neft və sosial sahənin inkişafı infrastrukturun yaxşılaşdırılması planlaşdırılır.

Şərifovun fikrincə, yaxın perspektivdə neft amili ÜDM strukturunda və Azərbaycanın sərbəst büdcəsində əsas yeri tutacaq.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən sutkalıq stabil hasilat 200 min barel, AMOK tərəfindən isə 600 min barel təşkil edir. Güman edilir ki, "Azəri-Çıraq-Günəşli" yatrağından sutkalıq hasilat 1,2 mln. barel təşkil edəcək.

"Bununla əlaqədar olaraq mən hesab edirəm ki, qısa müddətdə büdcə gəlirlərinin neftdən asılılığı əhəmiyyətli dərəcədə artacaq",-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti