...

Qazaxıstan baş naziri: "Qazaxıstan hələlik Transxəzər boru kəmərinin inşasında iştirak etməyi planlaşdırmır"

Energetika Materials 2 İyun 2007 12:41 (UTC +04:00)

Qazaxıstan hələ ki, Transxəzər qaz kəmərinin tikintisində iştirak etməyi planlaşdırmır. Belə bir bəyanatla Qazaxıstan baş naziri Kərim Məsimov çıxış edib. "Exo Moskvı" radiosuna müsahibəsində o bildirib ki, Transxəzər layihəsi ilə bağlı konkret bəyanatlar hələ olmayıb.

Məsimov xatırladıb ki, mayın 12-də Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Xəzəryanı qaz kəmərinin tikintisinə dair bəyannamə imzalayıblar. "Bu sənədə görə indi söhbət Xəzəryanı qaz kəmərinin tikintisindən gedir. Özü da burada Qazaxıstan tranzit tərəf rolunda çıxış edir. Burada sırf praqmatik yanaşma mövcuddur. Qazaxıstan xalqı üçün qazı hara nəql etmək sərfəli olacaqsa, ora da nəql ediləcək. İndi Rusiya ilə anlaşmalar elə bir səviyyəyə gəlib çatıb ki, bizə bu istiqamətdə hərəkət etmək sərf edir " -deyə o vurğulayıb.

"İTAR-TASS"ın xəbərinə görə, mayın 12-də Türkmənbaşı şəhərində imzalanan bəyannaməyə əsasən, tərəfdaş ölkələrin hökumətlərinə tapşırıq verilib ki, sentyabrın 1-dək Xəzəryanı qaz kəmərinin inşasına dair üçtərəfli əməkdaşlıq sazişi layihəsi hazırlansın.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov imzalama mərasimindən sonra bəyan edib ki, alternativ layihə - Transxəzər qaz kəməri gündəmdən çıxarılmayıb və gələcəkdə reallaşdırıla bilər.

Öz növbəsində Rusiyanın sənaye və energetika naziri Viktor Xristenko hesab edir ki, Transxəzər qaz kəməri üçün qeyri-siyasi investorlar tapmaq mümkünsüzdür. "Hüquqi, texniki, ekoloji risklər o qədər böyükdür ki, borunun nə ilə dolması deyil, borunun özünün olması əsasdır, qeyri-siyasi investorlar tapmaq mümkünsüzdür" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti