...

ICIEC Azərbaycanın "yaşıl artım" proqramını dəstəkləməyə sadiqdir - Baş direktor (Özəl müsahibə)

Yaşıl iqtisadiyyat Materials 30 Noyabr 2023 08:00 (UTC +04:00)
ICIEC Azərbaycanın "yaşıl artım" proqramını dəstəkləməyə sadiqdir - Baş direktor (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnvestisiya və İxrac Kredit Sığortası Korporasiyası (ICIEC) Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərini dəstəkləməyə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi artıma və "yaşıl artım" proqramını təşviq etməyə tam sadiqdir.

Bu barədə Trend-ə özəl müsahibəsində ICIEC baş direktoru Usama Kaysi deyib.

"Bu, bizə ölkə daxilində yaşıl investisiyaların təşviqində mühüm rol oynamağa imkan verəcək. Azərbaycan külək və günəş enerjisi, karbonsizləşdirmə, "yaşıl" hidrogen, "yaşıl ammonyak" kimi davamlı və ekoloji cəhətdən təmiz layihələrdə çox fəal iştirak edir. Digər tərəfdən, ICIEC Türkiyədə külək stansiyaları, Şarjada (BƏƏ) tullantıdan enerji layihəsi, Misirdə Benban günəş layihəsi, günəş suvarma, eləcə də Uqandada iqlim dəyişikliyi ilə bağlı layihələr kimi bərpa olunan enerji layihələrində geniş təcrübəyə malikdir. ICIEC həmçinin İslam İnkişaf Bankı Qrupunun (İİB) Ərzaq Təhlükəsizliyinə Cavab Proqramında iştirak edir", - deyə o bildirib.

Usama Kaysi qeyd edib ki, buna görə də ICIEC əsas dövlət layihələrini, o cümlədən dövlət-özəl tərəfdaşlıq layihələrini dəstəkləməklə Azərbaycan iqtisadiyyatına töhfə verəcək:

"Biz davamlı inkişaf təşəbbüslərini formalaşdırmaq və həyata keçirmək üçün Azərbaycan institutları və maraqlı tərəflərlə sıx işləməyə sadiqik. Məqsədimiz davamlı iqtisadi artım üçün ən yaxşı təcrübələri təşviq etmək və ekoloji cəhətdən məsuliyyətli investisiyaları təşviq etməkdir. Bu tədbirlər bizə Azərbaycanın inkişaf məqsədlərinə səmərəli şəkildə uyğunlaşmağa imkan verəcək, ölkənin daha dayanıqlı və firavan gələcəyinə töhfə verəcək".

Qarabağda layihələr üzrə əməkdaşlıq

U.Kaysi qeyd edib ki, ICIEC Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında xarici investorları sığortalayacaq:

"ICIEC Azərbaycanda öz rolunu etibarlı və fəal investisiya tərəfdaşı kimi görür. Hesab edirik ki, investisiya və ixrac krediti sığortası həllərini təqdim etməklə biz risklərin azaldılmasında mühüm rol oynayırıq və bununla da Azərbaycanı potensial investorlar üçün cəlbedici məkana çeviririk. Biz Azərbaycana uzunmüddətli birbaşa xarici investisiyaların cəlb edilməsi üçün AZPROMO ilə fəal əməkdaşlıq edirik. ICIEC həmçinin 49 üzv ölkədə ticarət və investisiya əməliyyatları üzrə beynəlxalq banklar və sığortaçılarla işləyir. Beləliklə, ICIEC-in çoxtərəfli sığortaçı kimi iştirakı xarici investorlar üçün müsbət investisiya mühiti yaradır və əsas dövlət layihələri üçün maliyyə imkanlarına çıxışı asanlaşdırır".

Bundan əlavə, baş direktor qeyd etdi ki, ICIEC-in sektordakı təcrübəsi və biliyi ona dəyərli məlumatları və bazar biliklərini potensial investorlarla bölüşməyə imkan verir:

"Bu da öz növbəsində onlara əsaslandırılmış qərarlar qəbul etmək və imkanlardan inamla istifadə etmək imkanı verir. Nəhayət, investisiya tərəfdaşı kimi bizim rolumuz risklərin azaldılmasından kənara çıxır; bura iqtisadi rifahı təşviq etmək və müxtəlif investorları Azərbaycana cəlb etmək öhdəliyi daxildir. ICIEC işğaldan azad edilmiş ərazilərə investisiyalar cəlb etməklə, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat, rabitə, səhiyyə kimi müxtəlif sektorlarda xarici investorları sığorta təminatı ilə Azərbaycan hökumətinin “Böyük Qayıdış Proqramı”na mütləq töhfə verəcək".

U.Kaysi qeyd edib ki, bu günə kimi İslam İnvestisiya və İxrac Kredit Sığorta Korporasiyası sığorta təminatını ümumilikdə 109 milyon dollara, o cümlədən ticarət üçün 64 milyon dollar, Azərbaycanda investisiyalarla bağlı əməliyyatlar üçün isə 45 milyon dollara qədər genişləndirib.

Onun sözlərinə görə, bu rəqəmlər təşkilatın Azərbaycanın iqtisadi təşəbbüslərini dəstəkləməkdə sarsılmaz sadiqliyini bir daha vurğulayır.

"ICIEC “Azərbaycan Dəmir Yolları” QSC üçün lokomotivlərin icarəsi üçün Qazaxıstanın milli ixrac kredit agentliyi olan “KazakhExport” ASC-yə təkrarsığorta dəstəyi göstərib. Razılaşma Sənayenin İnkişafı Fondu (icarəyə verən) tərəfindən lokomotivlərin idxalçısı/icarəçisi olan “Azərbaycan Dəmir Yolları” QSC-yə TE33A tipli 10 teplovozun maliyyə lizinqinə verilməsini nəzərdə tutur. 2015-ci ildə “KazakhExport” SC razılaşmanı 10 il müddətinə tam icarə müddəti üçün sığortalayıb və ICIEC 25 milyon ABŞ dolları məbləğində isteğe bağlı təkrar sığorta təminatı təqdim edib", - deyə U.Kaysi əlavə edib.

Baş direktor daha sonra qeyd edib ki, ICIEC nöqteyi-nəzərindən bu əməliyyat İƏT-daxili ticarətin dəstəklənməsi meyarlarına cavab verir, çünki o, Qazaxıstandan ICIEC üzvü olan Azərbaycana kapital mallarının ixracını nəzərdə tutur:

"Müqavilə həmçinin sənaye, innovasiya və infrastrukturu əhatə edən Birləşmiş Millətlər Təşkilatının DİM 9-a uyğundur. "Azərbaycan Dəmir Yolları" ilə razılaşmadan başqa, ICIEC digər üzv ölkələrdən Azərbaycana ümumi məbləği 64 milyon dollar olan ixrac əməliyyatlarına köməklik gödtərib", - deyə o bildirib.

Cari layihələr

U.Kaysinin sözlərinə görə, ICIEC Azərbaycanla fərdi layihələr üzərində işləyir.

O, 2023-cü ilin fevralında İslam İnkişaf Bankının (İİB) prezidenti doktor Məhəmməd Əl-Casserin Azərbaycana yüksək səviyyəli səfər etdiyini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.

"Sentyabr ayında mən ölkənin əsas inkişaf prioritetlərini və potensial əməkdaşlıq sahələrini müəyyən etmək üçün Azərbaycana missiyaya rəhbərlik etdim. Missiya zamanı mən İİB və ICIEC-in qubernatoru, iqtisadiyyat naziri Mikayıl Cabbarov, İİB və ICIEC qubernatorunun müavini, maliyyə naziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Səhiyyə naziri Teymur Musayev ilə görüşdüm", - deyə o bildirib.

Baş direktor daha sonra qeyd edib ki, missiya çərçivəsində Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR, AZPROMO, Azərsığorta, Azərbaycan İnvestisiya Holdinq, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət İpoteka Şirkəti və Kredit Zəmanət Fondu, Ticarət və Sənaye Palatası, özəl sığorta şirkətləri və bankların nümayəndələri ilə görüşlər keçirilib:

"Missiya çox uğurlu oldu: biz birbaşa xarici investisiyaların təşviqi, bank işi, bərpa olunan enerji, nəqliyyat, rabitə, səhiyyə və kiçik və orta biznes kimi müxtəlif sektorlarda prioritet layihələr və təşəbbüslər müəyyən etdik. Hazırda müvafiq nazirliklər və dövlət qurumları ilə seçilmiş layihələr üzərində işləyirik və 2024 və 2025-ci illərdə başa çatdıracağımıza ümid edirik".

U.Kaysi əlavə edib ki, ICIEC-in əməkdaşlıq partnyoru kimi iştirakı Azərbaycanda imkanları araşdıran potensial investorlar üçün etimad və həvəsləndirici çıraq rolunu oynayır:

"İnvestisiya layihələri iş yerlərinin yaradılmasına, müasir və səmərəli infrastrukturun inkişafına, habelə vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək".

Mərkəzi Asiyada ticarət və investisiya təşəbbüsləri

U.Kaysi bildirib ki, ICIEC Mərkəzi Asiyada ticarət və investisiya təşəbbüslərini dəstəkləməyə hazırdır:

"Biz investisiyaların təşviqi və ixrac kreditlərinin sığortalanmasına diqqət yetirərək əməkdaşlığın və birgə təşəbbüslərin gücləndirilməsini səbirsizliklə gözləyirik. Biz Azərbaycanın rəhbərliyinin müzakirələrin asanlaşdırılmasında, təşəbbüslərin təşviqində və təşkilatın effektivliyini artıracaq strateji qərarların qəbulunda mühüm rol oynayacağını düşünürük", - deyə o bildirib.

U.Kaysi qeyd edib ki, regional iqtisadi inkişaf baxımından ICIEC Azərbaycanın regionda iqtisadi artım və sabitliyə töhfə verən innovativ həllər və strategiyaların hazırlanması və həyata keçirilməsində lider olmasını gözləyir:

"Bütün üzv dövlətləri, o cümlədən Azərbaycanı qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, biz regionun üzləşdiyi problemlərin həllinə daha əhatəli və hərtərəfli yanaşma gözləyirik. Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında nəqliyyat qovşağı kimi unikal yerləşməsi Orta Dəhlizdə investisiya tələb edir. Buna görə də Azərbaycan və Qazaxıstan Xəzər dənizi marşrutu ilə ticarəti asanlaşdırmaq üçün əməkdaşlıq edirlər. Azərbaycan və Özbəkistan birgə layihələrə investisiya qoymaq üçün birgə investisiya fondu yaradıblar. Azərbaycan və Türkmənistan Xəzərdə layihələrdə də əməkdaşlıq edir. Türkiyə Azərbaycanın mühüm ticarət və investisiya tərəfdaşıdır. ICIEC regionda oxşar təşəbbüsləri dəstəkləməyə hazırdır ki, bu da İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək mandatına uyğundur".

U.Kaysi əlavə edib ki, ICIEC Azərbaycan və digər üzv ölkələrlə əməkdaşlıqda dayanıqlı iqtisadi artıma nail olmaq, investisiya risklərini azaltmaq və maliyyə sabitliyini təşviq etmək üçün yeni və innovativ yolların araşdırılmasını səbirsizliklə gözləyir:

"Hesab edirik ki, bu il ümumi məqsədlərimizə nail olmaq və regional iqtisadi inkişafa müsbət təsir göstərmək üçün mühüm vədlər verir".

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti