Bakı. Trend:
Dünya Bankı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini insan kapitalının yaxşılaşdırılması məqsədilə məşğulluq proqramının həyata keçirilməsində dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceri Stefani Stolmeyster Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
"Dünya Bankı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məşğulluq proqramının icrasında dəstəkləyir. Bu proqram çərçivəsində hökumət işçilərin yenidən ixtisaslaşmasına, bacarıqlarının artırılmasına və yeni, o cümlədən, "yaşıl" iş yerlərinin yaradılmasına yönəlib.
Ümid edirik ki, bu proqram Azərbaycanın insan kapitalının inkişafına və yaşıl iqtisadiyyata keçidlə təklif olunan bütün imkanlardan faydalanmasına kömək edəcək", - o bildirib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.