Bakı. Trend:
Avropa İttifaqı iqlim elminə geniş maliyyə dəstəyi təqdim edib.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.
"Xatırlatmaq istəyirəm ki, mövcud iqlim vəziyyətini dəyişdirməyə başlamaq üçün elmə əsaslanmaq son dərəcə vacibdir. Buna görə də, hər bir halda nə etməli olduğumuzu izah edəcək modelçilər və mütəxəssislərin iştirak etdiyi bir sıra layihələri maliyyələşdirdik", - o bildirib.
O, həmçinin bütün dünya üçün bu məsələdə hansı tədbirlərin görülməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
“Biz yalnız Avropa İttifaqı çərçivəsində bu ambisiyalı yolda irəliləməyə davam etməli deyilik, həm də əlimizdən gələni etdiyimizə əmin olmaq üçün həm burada, həm də dünyada bu məsələ üzrə çox yaxından çalışmalıyıq”, - Vopke Hoekstra qeyd edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 başlayıb.
Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.