...

İqlim maliyyələşdirilməsində Bakı dönüşü: Azərbaycanın COP29-a ev sahibliyi “yaşıl dünya”ya nə qazandırdı? – ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 14 Yanvar 2025 13:25 (UTC +04:00)
İqlim maliyyələşdirilməsində Bakı dönüşü: Azərbaycanın COP29-a ev sahibliyi “yaşıl dünya”ya nə qazandırdı? – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas xüsusiyyətləridir. Məhz bu kimi amillər nəticəsində 200 ölkənin yekdil qərarı ilə COP29-un ölkəmizdə keçirilməsinə qərar verilib. Azərbaycan hansı təşkilata üzv olur və ya sədrlik edirsə, həmin təşkilatın fəaliyyətinə mühüm töhfə verir. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dönəmində bu platformanın fəaliyyəti əhəmiyyətli dərəcədə artıb və demək olar ki, hərəkat ən uğurlu dönəmini yaşayıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Deputat xatırladıb ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilən tədbirdə 196 ölkədən 72 min nümayəndə iştirak edib. Onların arasında 80 prezident, vitse-prezident və Baş nazirlər olub:

“COP29-da qəbul edilən qərarlar ətraf mühitin qorunması baxımından beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 sədrliyi və səmərəli fəaliyyəti nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilən uğurlar gözləntiləri üstələdi. Paris Sazişinin 6-cı maddəsi üzrə on il davam edən müzakirələr yekunlaşdı və bu maddə məhz Bakıda razılaşdırıldı.

Mühüm qərarlar arasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan, yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusilə vacibdir. Bu sıraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfdən üç dəfə çox olan 300 milyard ABŞ dolları həcmində yeni maliyyə hədəfi də daxildir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynamaqla yanaşı, az inkişaf etmiş, habelə kiçik ada və yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərin dünyada səsinin eşidilməsinə əhəmiyyətli töhfə verib:

“COP29 çərçivəsində də həmin ölkələrdə ekologiya sahəsində mövcud olan problemlər, Fransa kimi dövlətlərin həyata keçirdiyi yeni müstəmləkəçilik siyasətininin bu dövlətlərin nəinki iqtisadiyyatı, eyni zamanda ekologiyasına mənfi təsir göstərməsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. “Bakı dönüşü” kimi tarixə düşəcək COP-29-da qəbul olunan qərarlar gələcəkdə qlobal iqlim dəyişmələri ilə bağlı planların gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında Azərbaycanın COP29-a ev sahibliyi etməsinə gətirib çıxaran səbəblərdən bəhs edib:

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının yenidən nüfuz qazanması, Prezident İlham Əliyevin təşəbbüslərinin dünya dövlətləri tərəfindən dəstəklənməsi ölkənin uğurları sırasına yazılıb. Azərbaycanın sədrliyi dövründə qəbul edilən qərarlar nəticəsində ölkəmizin sədrlik müddəti uzadılıb.

Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyətimiz, həmçinin, digər beynəlxalq tədbirlərə ev sahibliyi edərkən ortaya qoyduğumuz müsbət nəticələr COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi üçün müsbət rəylərin verilməsinə gətirib çıxardı”.

Deputat bildirib ki, COP29-a hazırlıq üçün ölkələrə iki ilədək vaxt verilir, lakin Azərbaycanın cəmi 10-11 ay vaxtı var idi:

“Buna baxmayaraq, Azərbaycan bu ağır yükün də öhdəsindən gəldi, 29-cu sessiya daha əvvəl keçirilən COP tədbirlərindən qat-qat üstün şəkildə təşkil edildi. Dünya liderlərinin Azərbaycana təşrif buyurması, burada görüşlərin keçirilməsi, 10 ilə yaxındır, əldə edilməyən maliyyə razılaşdırılmasının məhz Azərbaycanda öz həllini tapması, bütün dünya üçün vacib olan iqlim dəyişikliklərinə dair müsbət irəliləyişlərin əldə edilməsi də Azərbaycanın uğuru kimi dəyərləndirilməlidir.

Azərbaycan öz təhlükəsizliyi və maraqlarının qorunması üçün deyil, eyni zamanda, dünya üçün də çox vacib qərarların verilməsində, həlledici məqamlarda çox müsbət roy oynaya bilir və bunu dəfələrlə sübut edib”.

Naqif Həmzəyev diqqətə çatdırıb ki, Azərbaycanda multikultural dəyərlərin qədim vaxtlardan mövcud olması və bütün dinlərə hörmətlə yanaşma ölkənin bu cür ağır və məsuliyyətli tədbirlərə rəhbərlik etdiyi zaman düzgün qərarlar verməsinə gətirib çıxarır.

“Ölkəmizin COP29 sınağından uğurla çıxması buna imkan verir ki, yaxın gələcəkdə də Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etsin. Azərbaycanın hədəfi regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq, millətlərarası münasibətlərin insan dəyərləri prizmasından daima qorunub saxlanılmasına çalışmaq, münaqişələrin sülh yolu ilə həll edilməsinin mümkünlüyünü ortaya qoya bilmək və Azərbaycanın dünya dövlətləri sırasında ən layiqli yeri tutması üçü əlindən gələni etməkdir”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti