...

Avropanın öz dayanıqlı və bərpaolunan enerjisinin istehsalına başlaması vacibdir - Avrokomissar

Yaşıl iqtisadiyyat Materials 10 İyun 2025 12:52 (UTC +04:00)
Avropanın öz dayanıqlı və bərpaolunan enerjisinin istehsalına başlaması vacibdir - Avrokomissar
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın öz dayanıqlı və bərpaolunan enerjisinin istehsalına başlaması vacibdir.

Trend xəbər ki, bunu Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Dan Yorgensen Avropa Dayanıqlı Enerji Həftəsinin açılışında nitqlə çıxışında deyib.

“Bu yaxınlarda Avropa Rusiyaya açıq-aydın bir siqnal göndərib: biz daha enerjidən bizim əleyhimizə silah qismində istifadə olunmasına yol verən deyilik. Biz daha üzv dövlətlərimizə hədə-qorxu gəlinməsinə imkan verməyəcəyik.

Biz artıq dolayı yolla Kremlin hərbi büdcəsini doldurmayacağıq. Rusiya enerjisindən 100 faiz müstəqillik əldə etməliyik. Bunu isə qaz idxalından imtina etməklə həyata keçirməyi planlaşdırırıq. Artıq bu ilin sonuna qədər biz spot bazarda qaz alışını qadağan etməyi nəzərdə tuturuq.

2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr üzrə də alışları dayandırmağı planlaşdırırıq. Enerji baxımından bir mənbədən asılı olmaq pis fikirdir, xüsusilə də əgər bu mənbə sizin düşməninizdirsə. Biz təcili tədbirlərin qəbulundan sonra kifayət qədər tez bir zamanda bu cür asılılıqdan imtinanın yeganə doğru yol olduğu qənaətinə gəlmişik. Və Avropa İttifaqının çiyin-çiyinə hərəkət etməsi, ortaq səylər sayəsində biz bunu böyük ölçüdə reallaşdıra bildik,"- deyə o bildirib.

Yorgensenin sözlərinə görə, 2022-ci ilin fevralında Avropa kömür tələbatının 51 faizini Rusiyadan alırdı, bu gün isə bu göstərici 0 faizdir.

"Biz neftin 27 faizini alırdıq, bu gün — 3 faiz. Qazın isə 45 faizini alırdıq, bu gün — 13 faiz. Beləliklə, biz asılılıqdan uzaqlaşa bildik. Və bunu elə bir sürətlə və elə bir formada etdik ki, məncə, dünya üzrə başqa heç bir qitə buna qadir olmazdı. Bu genişmiqyaslı bir keçid idi və bu müddət ərzində biz həm vətəndaşlarımızı, həm də şirkətləri nəzərə aldıq. Bu olduqca müsbət məqamdır. Lakin bir neçə dəqiqə əvvəl də dediyim kimi, biz hələ də Rusiyadan çox enerji idxal edirik. Ötən il ərzində orta hesabla hər ay Rusiyadan 1,8 milyard avro dəyərində enerji idxal etmişik",- deyə komissar bildirib.

Yorgensen enerji təhlükəsizliyinin bu gün ilk növbədə Kremlin maliyyələşdirilməsinin dayandırılması və asılılıqdan qurtulmaq anlamına gəldiyini vurğulayıb.

"Lakin enerji təhlükəsizliyi — bu, daha geniş anlayışdır. İllik orta hesabla biz 400 milyard avrodan çox dəyərində qalıq yanacağı idxal edirik. Bu isə, aydındır ki, iqtisadi baxımdan davamlı deyil və əlbəttə, planetimiz üçün zərərlidir. Amma əgər təkcə İttifaqımızın iqtisadi sağlamlığı və gələcək perspektivləri baxımından yanaşsaq belə, aydın olur: biz bu asılılıqdan qurtulmalıyıq.

Hər il yüz milyardlarla avronu enerji almağa xərcləməkdənsə — ki, bu enerjini istifadə etdikdən sonra yenidən almağa məcbur oluruq — bəlkə də, daha ağıllı yol öz dayanıqlı və bərpa olunan enerjimizi istehsal etməyə başlamaq olardı", — deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti