Bakı. Trend:
Avropa təkcə təhlükəsizlik böhranı ilə deyil, eyni zamanda, təcili tədbirlərin görülməsini tələb edən təxirəsalınmaz iqlim çağırışları ilə üz-üzədir.
Trend xəbər ki, bunu Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Dan Yorgensen Avropa Dayanıqlı Enerji Həftəsinin açılışındakı çıxışında deyib.
“Təhlükəsizlik böhranı bizim bu gün Avropada üzləşdiyimiz yeganə böhran deyil. Yaxınlaşmaqda olan daha iki böhran var. Hər şeydən öncə - bu, əlbəttə ki, iqlim böhranıdır”, - deyə o qeyd edib.
Qlobal istiləşmənin miqyasına toxunan Yorgensen bildirib ki, 2024-cü il müşahidə tarixində ən isti il olub, 2025-ci ilin isə bu rekordu geridə qoyması ehtimal olunur.
“Iqlim dəyişikliyi — gələcəkdə baş verə biləcək bir hadisə deyil. Bu, yaxın perspektivdə qorxduğumuz bir təhdid də deyil. Bu, artıq bizim üçün reallıqdır. Onun fəsadları isə katastrofikdir: meşə yanğınları, quraqlıqlar, daşqınlar. Artıq bu gün Avropada, bizim qitəmizdə insan həyatı itkiləri ilə qarşılaşırıq”, - deyə o bildirib.
Komissarın sözlərinə görə, iqlim dəyişikliyinin ən ağır fəsadlarını ən həssas dövlətlər daşıyır.
“Əgər dünyanın digər bölgələrinə, inkişaf etməkdə olan ölkələrə nəzər salsaq, təəssüf ki, ən çox əziyyət çəkən məhz onlardır. Onlar ən həssas olanlardır”, — deyə Yorgensen bildirib və hərəkətə keçməyin mənəvi zəruriliyini vurğulayıb.
Yorgensen islahatların sürətləndirilməsinin vacibliyini vurğulayıb: “Biz sürətlənməliyik. Bu isə o deməkdir ki, icazə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, daha çox sərmayə, daha az bürokratiya lazımdır”.
O, həmçinin, enerji sahəsində rəqabət məsələsinə də toxunub:
“Bizdə, həmçinin, rəqabətqabiliyyətlilik böhranı var. Avropada biz enerji üçün ABŞ və Çindən iki–üç dəfə çox pul ödəyirik”.
Onun sözlərinə görə, yüksək enerji qiymətləri yalnız sənayeni deyil, vətəndaşları da zərbə altında qoyur:
“Keçən il 47 milyon insan evlərini yetərincə isitmək imkanına malik olmayıb”.
Sonda komissar birliyə və diqqətin mərkəzləşdirilməsinə çağırış edib:
“Bu üç çağırışla — təhlükəsizlik, iqlim dəyişikliyi və rəqabətə davamlılıqla — mübarizə aparmaq üçün biz başladığımız kursu davam etdirməliyik. “Yaşıl keçid” bu problemlərin səbəbi deyil. “Yaşıl keçid” bu çağırışlara verilən cavabdır”.