Bakı. Trend:
İyunun 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən keçirilən nəticəəsaslı büdcə mexanizminin tətbiqi üzrə təlim proqramının növbəti mərhələsi başa çatıb, iştirakçılara sertifikatlar təqdim olunub.
Trend xəbər verir ki, cari ilin fevral - iyun aylarında keçirilən təlimlərdə iştirakçılara Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən nəticəəsaslı büdcə mexanizminin hüquqi və prosedur çərçivəsi, Dünya Bankının mütəxəssisləri tərəfindən isə seçilmiş sektorlarda tətbiqi bilik və konkret halların təhlilinə əsaslanan təlimlər keçirilib.
İsveçrə Hökumətinin “Azərbaycanda ortamüddətli büdcə planlaşdırmasının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən dövlət qurumlarının əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə büdcə təkliflərinin hazırlanması, bu təkliflərin təhlilinin aparılması, keyfiyyətin artırılması yollarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Təlim əsasən Azərbaycanda ortamüddətli və nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu dörd sektoru - kənd təsərrüfatı, təhsil, ətraf mühitin qorunması və sosial müdafiə sahələrini əhatə edib.
Dünya Bankının dövlət idarəçiliyi üzrə böyük mütəxəssisi və layihənin heyət rəhbəri Andzs Ubelisin sözlərinə görə bu təlim büdcə hazırlığında düşüncə tərzinin dəyişməsini təşviq edib. Belə ki, tələb olunan maliyyələşmənin məbləği və bu məbləğə nə alınacaq kimi ənənəvi baxışdan, dövlət maliyyəsi ilə hansı nəticələrin əldə ediləcəyinə və bu nəticələrin hansı təsirə malik olacağı yanaşmasına keçid edilməlidir.