Bakı. Trend:
Yaxın iki il ərzində Azərbaycanın enerji sisteminə 10 yeni elektrik stansiyası inteqrasiya olunacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışında bildirib.
“Azərbaycan “yaşıl enerji" sahəsində nümunə olmağa davam edir. Ölkə 2030-cu ilə qədər ümumi gücü 2,7 GVt olan külək və elektrik stansiyaları tikməyi planlaşdırır ki, bu da ölkədə qurulmuş bərpa olunan enerji mənbələri güclərinin 4GVt-a qədər – 3 dəfə artırılmasına və 3,2 milyon ton həcmində istixana qazlarının emissiyasının qarşısını almağa imkan verəcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, yaxın iki ildə enerji sisteminə 10 yeni elektrik stansiyası, həmçinin 2 GVt bərpa olunan enerjinin idarə olunması üçün gücü 250 MVt və saxlanma həcmi 500 MVt/saat olan batareya sistemləri inteqrasiya ediləcək. Artıq noyabrda gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının istismara verilməsi gözlənilir.
2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda su, günəş və külək elektrik stansiyalarının, eləcə də dam panellərinin hesabına 1,6 GVt quraşdırılmış gücə nail olunması planlaşdırılır. Bu region istehlakdan iki dəfə çox “yaşıl elektrik enerjisi" istehsal edəcək ki, bu da 2 milyon tondan çox həcmdə emissiyanın azalmasına imkan verəcək.
Bundan əlavə, nazir bildirib ki, “Yaşıl enerji zonası” modeli 5–7 GVt bərpa olunan enerji potensialına malik Naxçıvanda da həyata keçirilir.