Bakı. Trend:
Braziliya Azərbaycanla gələn ildən bərpa olunan enerji sahəsində əməkdaşlığa başlayacaq.
Bunu Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) Trend-ə açıqlamasında bildirib.
O vurğulayıb ki, Braziliya və Azərbaycan "yaşıl iqtisadiyyat"a keçid istiqamətində eyni mövqedədirlər: "Braziliyada son 10 ildə bərpa olunan enerji mənbələrinin payı bizim artıq təmiz enerji istehsalı balansımızda 2%-dən 24%-ə yüksəlib. Beləliklə, Braziliya 2030-cu il üçün müəyyən etdiyi hədəfi də geridə qoyub və hazırda elektrik enerjisi istehsalında 94%-dən çox təmiz enerji payına sahibdir. Bu, bizim təcrübəmizdir.
Azərbaycan isə 40%-lik hədəf qoyub və bu istiqamətdə birlikdə işləyə bilərik. Dünən ticarət və investisiya üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirildi və enerji də müzakirə olunan mövzulardan biri idi. Mən inanıram ki, gələn ildən biz bərpa olunan enerji sahəsində əməkdaşlığa başlayacağıq".
Səfir həmçinin qeyd edib ki, Braziliya hidroenerji və bioyanacaq sahəsində təcrübəsini Azərbaycana və dünyaya təqdim etməyə hazırdır: "Bioyanacaq bizim güclü tərəfimizdir və biz hesab edirik ki, bioyanacaq gələcəyin yoludur. Çünki bu, yeganə qapalı dövriyyəli enerji mənbəyidir. Məsələn, elektrik avtomobili istehsal olunan elektrik enerjisindən asılıdır. Əgər bu enerji kömürdən əldə olunursa, həmin avtomobil də təmiz sayılmır".
Səfir Azərbaycan iqtisadiyyatının digər sahələrində mümkün əməkdaşlıq imkanlarından da bəhs edib: "Bunun üçün bir-birimizi daha yaxşı tanımalı, müxtəlif səviyyələrdə dialoqlar qurmalıyıq. Neft və qaz əsas sahələrdən biridir, xüsusilə texnologiya transferi baxımından. Bundan əlavə, kənd təsərrüfatı böyük prioritetdir. Çünki Braziliyada bu sahədə həm ucuz, həm də daha insan yönümlü texnologiyalar mövcuddur. Aqrar sahədə ötən il Azərbaycanın kənd təsərrüfatı nazirliyi ilə Anlaşma Memorandumu imzaladıq. İndi isə bu memorandumua uyğun olaraq Birgə İşçi Qrupu ilə birlikdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacaq".
Səfir Azərbaycanın azad olunmuş ərazilərində mümkün əməkdaşlıq imkanlarına gəlincə bunları qeyd edib: "Mən həmin ərazilərdə olmuşam. Biz bu yerləri Azərbaycanın ayrılmaz hissəsi hesab edirik. Ona görə də ayrıca deyil, ümumi ölkə çərçivəsində görülən işlərin tərkib hissəsi kimi baxırıq".