Azərbaycan, Bakı, 11 iyun / Trend / "Nar Mobile" "Karyeraya Doğru!" təhsil proqramı çərçivəsində yuxarı kurs və magistratura tələbələri üçün "İş axtarılması" mövzusuna həsr olunmuş növbəti təlimini bu dəfə Lənkəranda təşkil edib.
Şirkətdən verilən məlumata əsasən, Lənkəran Biznes Mərkəzində keçirilən təlimin əsas məqsədi iş axtarılması və "CV"lərin hazırlanması üçün lazım olan nəzəri bilik və vərdişlərin açıqlanmasıdır.
Təlim proqramına əmək bazarının ilkin araşdırılması yolu ilə iş axtarma strategiyasının qurulması, müşayiət məktubunun düzgün hazırlanması, karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların təkmilləşdirilmə yolları daxildir.
Təlimdə Lənkəran Dövlət Universiteti və Lənkəran Biznes Mərkəzinin 20 tələbəsi iştirak edib. Layihənin növbəti, sayca səkkizinci təliminin Şəki şəhərində keçirilməsi planlaşdırılır.
Tədbir "Azerfon" MMC-nin Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirilir.
Layihənin strateji tərəfdaşları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
"AZERFON" MMC şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətlərinin göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziyasını alıb. Operator öz kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb. Hazırda "Nar Mobile" şəbəkəsindən yarım milyondan çox abunəçi istifadə edir.