Azərbaycan, Bakı, 20 fevral / Trend / Azərbaycanın Mobil rabitə operatoru Azerfon fevralda bir sıra ölkələrlə GPRS rouminq sazişləri bağlayıb. Son dörd rouminq razılaşması Nar Mobile ilə Hindistanın BMCL, Makaunun Hutchison, Monqolustanın MobiCom və Kot-Divuarın Moov mobil operatorları arasında imzalanıb. Bu barədə şirkətin məlumatında bildirilir.
Ümumilikdə Nar Mobile-ın 41 ölkədə 64 operator ilə GPRS rouminq sazişləri mövcuddur.
Azerfon MMC (Nar Mobile ticarət nişanlı) ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin sonunda lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.
Nar Mobile şəbəkəsi Azərbaycanın 80% ərazisini əhatə edir. Hal-hazırda Nar Mobile şəbəkəsindən 1 milyondan çox abunəçi istifadə edir.