Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda genişzolaqlı internet çıxışına qoşulmaların sayı 80 min təşkil edir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Nazirliyin Azərbaycanın internet bazarının vəziyyətinin qiymətləndirilməsi üzrə keçirdiyi monitorinqə görə bildirilir ki, bazarın bu seqmentində qiymət region ölkələrinin internet xidmətləri üçün tarifin səviyyəsinə uyğundur. Monitorinqdə Azərbaycan internet provayderlərin ADSL texnologiyası üzrə qoşulması üçün tariflər göstərilir.
Nazirlyin məlumatına görə, hazırda Azərbaycanda bu texnologiya üzrə 1 mbits/s sürətə kimi qoşulmanın qiyməti 25 manatdan 94 manata kimidir. Region ölkələrində (Gürcüstan, Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan) bu göstərici 20 manatdan 200 manat arasındadır.
Son illər Azərbaycanda internet tarifləri beş dəfə azaldılıb, aprelə olan vəziyyətə görə, milli .az domen zonasında 10 minə yaxın internet-resurs qeydə alınıb. - .az domeninin qeydiyyat qiyməti 20 manat təşkil edir.
Ölkədə 30-dan çox internet servis-provayder fəaliyyət göstərir.
Nazirliyin məlumatına görə, Dial up, Wi-Fi, ADSL, WiMAX, CDMA və mobil telefon istifadəçilərini nəzərə almaqla, Azərbaycanda internetə qoşulmanın səviyyəsi 41 faizə çatır. Ölkədə simsiz genişzolaqlı çıxış WiMAX və Wi-Fi texnologiyası üzrə inkişaf edir, Azərbaycanın trafik həcmi isə 10 qbits/s təşkil edir.