...

ABŞ-ın "Orbital" şirkəti Azərbaycanın ilk peykinin istehsalına başlayıb

Telekommunikasiya Materials 6 Sentyabr 2010 16:56 (UTC +04:00)
Azərbaycanın "Azerspace" milli telekommunikasiya peykinin istehsalçısı ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti peykin istehsalına başlayıb.
ABŞ-ın "Orbital" şirkəti Azərbaycanın ilk peykinin istehsalına başlayıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Azerspace" milli telekommunikasiya peykinin istehsalçısı ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti peykin istehsalına başlayıb. Bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov işinə Bakıda başlamış "Kibernetikanın və informatikanın problemləri - 2010" III Beynəlxalq konfransında bildirib.

"Azerspace" milli peykinin yerləşdirilməsi üçün ITU (International Telecommunication Union) tərəfindən 43.2, 58.5 və 96 dərəcə şərq uzunluğunda mövqelər ayrılıb. ITU peykləri yuxarıda sadalanan mövqelərdə yerləşəcək ölkələrin siyahısını Azərbaycana təqdim edib. Ən çox prioritet 43.2 və 58.5 dərəcə şərqi uzunluqda mövqelər üzrə məsələnin razılaşdırılmasıdır. Koordinasiyada əsas məqsəd gələcəkdə abonentlərdə problemlərin yaranmaması üçün məsələlərin vaxtında həll olunmasıdır.

Peykin yerləşəcəyi orbital mövqe Malayziyanın peyk operatoru "MEASAT" şirkətindən icarəyə götürülüb.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 ghz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 ghz) təchiz olunacaq. Peyk 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

"Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

Nazirliyin hesablamalarına görə, yaradılmasına 319 milyon dollar vəsait sərf olunması planlaşdırılan peykin (bunun 127 milyon manatı peykin istismar xərcləridir) öz xərcini 6 ilə çıxaracağı nəzərdə tutulub.

"Azerspace" milli telekommunikasiya peykinin buraxılışından əldə edilən gəlirlər 495 milyon, mənfəət isə 176 milyon manat təşkil edəcək.

Əldə olunan gəlir ölkənin texniki inkişafına sərf ediləcək.

Bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyi kimi, "Azerspace" peykinin buraxılışı 2012-ci ilin iyul-avqust aylarında gözlənilir. Bundan sonra növbəti peykin, gələcəkdə isə bir neçə peykin layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti