...

Azərbaycanda İnternet siyasəti üzrə cəmiyyətin baxışlarını formalaşdıracaq sosial şəbəkə yaradılacaq

Telekommunikasiya Materials 4 Dekabr 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İnformasiya Problemlərinin Araşdırılması Mərkəzi İnternet siyasəti üzrə cəmiyyətin baxışlarını formalaşdıracaq sosial şəbəkə yaratmağı planlaşdırır. Bu barədə Trend-ə şənbə günü mərkəzin rəhbəri Yaşar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, layihənin İnternet şəbəkəsində domen adların mənimsənilməsi üzrə beynəlxalq təşkilatın (ICANN) "At-Large" proqramı çərçivəsində reallaşdırılması planlaşdırılır. "At Large" proqramının həyata keçirilməsi Azərbaycandakı son istifadəçilərə ICANN-ın işində bilavasitə iştirak etməyə, məsələn, İnternetin domen adlar və ünvanlar sisteminin formalaşmasına öz töhfəsini verməyə, İnternet şəbəkəsində özəl sektorun fəaliyyətini əlaqələndirən Texniki Şuranın direktorlarının "online" seçkilərində iştirak etməyə imkan verəcək.

"Biz öz təkliflərimizi ICANN-ın İnternetin idarə olunması komitəsinə təqdim etmək, azərbaycanlı istehlakçılara təşkilatda nələrin baş veriyini anlamaq və özlərini bu strukturun fəaliyyətindən uzaqlaşdırılmış hiss etməmələri üçün strukturda siyasəti formalaşdırmaq fikrindəyik. Həyata keçirilən "At-Large" layihəsinin əsas tərkib hissəsi olan gələcək fəaliyyətin formalaşması üçün biz İnternetin inkişafı ilə məşğul olan bütün strukturları, eləcə də ICANN iclaslarında iştirak etmək üçün gələcək planları hazırlayacaq nizamlayıcı orqanı birləşdirmək istəyirik", - o, bildirib.

Hacıyevin bir qədər əvvəl bildirdiyi kimi, İnternetin problemlərinin müzakirəsinə qatılmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən "At-large" təşkilatları tədricən ICANN-ın idarə edilməsi prosesinə qoşulurlar. Hazırda bütün qərarların səsvermə əsasında qəbul edildiyi üçün ICANN-ın idarə edilməsi prosesini tamamilə demokratik adlandırmaq olar.

Azərbaycanda "At Large" təşkilatının formalaşması zərurəti İnternet mühitində yaranan problemlərin sonradan həlli üçün zəruri məlumatların ICANN-dək çatdırılmasından ibarətdir. Mahiyyət etibarilə, "At Large" son istifadəçinin maraqlarını əks etdirən ICANN-nın alt komitəsidir. "At Large"ın Azərbaycandakı nümayəndəliyi lokal forumlar keçirmək imkanı əldə edəcək və həmin forumlarda sonralar ICANN tərəfindən təşkil olunan illik forumlarda səsləndirilməsi üçün müvafiq qərar qəbul edr. "At Large" üzvləri ICANN forumları ilə paralel olaraq, öz iclaslarını təşkil etmək hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti