Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Oktyabrın 15-də Gəncə şəhərində Bakcell şirkətinin sponsorluğu və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Dünya Gənclər Festivalı - Azərbaycanı tanı" adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.
13-20 oktyabr tarixlərini əhatə edən festivalın məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdir. Festivala dünyanın 50-dən çox ölkəsini təmsil edən 100 nəfər gənc qatılıb.
Oktyabrın 15-də baş tutan açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Bakcell şirkətinin Korporotiv kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədova, BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini Nato Alhazaşvili, "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və Gəncə şəhərindən seçilmiş millət vəkilləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakcell-in Korporativ kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədova təmsil etdiyi şirkətin Azərbaycan mədəniyyətinin təbliğinə və gənclərin inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın bərpasında gənclərin rolu böyükdür: "Ümid edirəm ki, festival müddətində sizdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və əlbəttə ki, qədim Gəncə şəhəri haqqında aydın təsəvvür formalaşacaq. Biz, dünyada sülhün bərqərar olmasında gənclərin çox vacib rol oynadığına inanırıq. Bu festival Bakcell-in "Daha yaxın olaq" fəlsəfəsinə əsaslanan iki mühüm dəyəri - Azərbaycan mədəniyyətinin təbliğini və gənclərin inkişafını bir arada birləşdirir".
Məmmədova festivalla Bakcell-in gənclər üçün nəzərdə tutulan yeni CİNeration kampaniyasının üst-üstə düşdüyünü də bildirib: "Cəmi bir neçə gün öncə Bakcell şirkəti yeni informasiya və kommunikasiya texnologiyaların öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulan yeni CİNeration tarifini təqdim edib. Bu, bizim gənclərə verdiyimiz önəmin daha bir nümunəsidir".
Bakcell adından iştirakçılara CİNaration tarif paketinin hədiyyə olunduğunu qeyd edən Məmmədova onların CİNeration istifadəçiləri sırasına qoşulan ilk dünya gəncləri olduğunu qeyd edib.
Rəsmi açılış mərasimindən sonra qonaqlar "Gəncə Gənclər Evi"nin tikiləcəyi yerə baş çəkib, bu məqsədlə hazırlanan Simvolik Şarları havaya buraxıb və Gəncənin məşhur "Xan Bağı"nı və şəhər meydanını gəziblər.