Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnzibati Şurasının payız sessiyası çərçivəsində baxılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin məlumatında bildirilir.
Azərbaycanın poçt şəbəkəsində maliyyə xidmətlərinin tətbiqi mövzusundakı məruzəsi "Maliyyə xidmətlərinin inkişafi" layihəsi çərşivəsində aparılan işlərin yekunlarını, onun gələcək perspektivlərini əhatə edir. ÜPİ-nin payız sessiyası çərçivəsində müxtəlif proqramlar üzrə işçi qrupunun və komissiyaların iclasları keçiriləcək. İclasların gedişatında poçt rabitəsi sektorunun beynəlxalq inkişafı məsələləri müzakirə ediləcək.
ÜPİ-nin İnzibati Şurasının payız sessiyası oktaybrın 24-dən noyabrın 11-ə qədər Berndə keçiriləcək. Ölkə nümayəndə heyətinin tərkibinə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Azərpoçt" poçt operatorunun nümayəndələri daxildir.
Mərasim zamanı ÜPİ-nin yüksək idarə orqanlarının - İnzibati Şuranın və Poçt İstismarı Şurasının müxtəlif işçi və layihə qruplarının iclasları keçiriləcək. Azərbaycan hər iki strukturun üzvüdür.