Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir H.Vəliyev/
Bu günlərdə Azərbaycan Ədliyyə Nazirliyinin internet saytında elektron xidmət bölməsi istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev hakim "Yeni Azərbaycan" partiyasının rəsmi saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin bölmə vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər.
Bölmədə, həmçinin, Azərbaycan adları, onların mənası və sair barədə informasiya almaq üçün geniş axtarış sistemi yaradılıb.
Musayev deyib ki, bütün məhkəmə sistemi üçün hazırlanmış internet portal isə hər bir məhkəmənin fəaliyyəti, hakimləri, baxılan işlər və qəbul edilən qərarlar, vətəndaşların qəbulu barədə bütün zəruri məlumatlar, onlayn rejimdə müraciət etmək və cavab almaq, müxtəlif iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək imkanı yaradacaq. Həmin veb-portal bu günlərdə Oğuz Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi mərasimində dövlət başçısına nümayiş etdirilib.
Nazir müavininin sözlərinə görə, həmçinin, gələcəkdə "elektron ədliyyə" üzrə müxtəlif xidmətlərin təşkili, o cümlədən vətəndaşların elektron müraciəti əsasında aparılmış notariat hərəkətləri və vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin surətlərinin əldə edilməsi, onlara elektron arayışların verilməsi, mətbu nəşrlərin uçotu üçün zəruri olan sənədlərlə birlikdə elektron müraciətlərin təqdim edilməsi, uçotun aparılması və digər xidmətlərin də həyata keçirilməsi nəzərdə tutulur.