...

Azercell Bakutel-ə yeniliklər və hədiyyələrlə gedir

Telekommunikasiya Materials 23 Noyabr 2011 11:54 (UTC +04:00)
Noyabrın 23-26-da "Bakı Ekspo" sərgi mərkəzində "Bakutel-2011" sərgisi baş tutacaq. Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbirinə bu il əvvəlkilərdən daha çox iştirakçı qatılıb.
Azercell Bakutel-ə yeniliklər və hədiyyələrlə gedir

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Noyabrın 23-26-da "Bakı Ekspo" sərgi mərkəzində "Bakutel-2011" sərgisi baş tutacaq. Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbirinə bu il əvvəlkilərdən daha çox iştirakçı qatılıb.

Bu il dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcək. Onlar arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri var.

Sərginin daimi iştirakçıları sırasında Azercell Telecom MMC-nin adı xüsusi vurğulanmalıdır. Azercell hər il Bakutel-də ən son texnologiyalarını regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirir, bənzərsiz xidmətlərini ictimaiyyətə çatdırır.
Bu ilki sərgidə Azercell dörd bölmə yaradacaq. "Yeni texnologiyalar" bölməsində sərgiyə qatılanlar özləri 3G ilə yanaşı 4G-nin də sürətini sınaqdan keçirə biləcəklər. Bundan əlavə, M2M, Mobil Virtual kart, Application store və digər demo nümayişləri həyata keçiriləcək. Sərginin qonaqları Azercell-in korporativ abonentlər üçün təqdim etdiyi xidmətlərlə tanış olacaq, elə yerindəcə abonentlərə müxtəlif xidmətlər göstəriləcək.

Bakutel-də Azercell-in guşəsini ziyarət edənləri "Eurovision" mahnı müsabiqəsi ilə bağlı əyləncəli proqram da gözləyir. Müxtəlif interaktiv oyunlar, müsabiqələr nəticəsində qonaqlar "Eurovision-2012" müsabiqəsinə ilk biletləri əldə etmək imkanı qazanacaqlar. Azercell-in Facebook səhifəsindəki istifadəçiləri ilə görüş də nəzərdə tutulur.

Sərgidə təşkil ediləcək mətbuat otağında isə sərginin açılış günü şirkətin prezidenti Ali Ağanla birlikdə mətbuat konfransı təşkil olunacaq, jurnalistlərə sərgidə təqdim olunan yeniliklər haqqında məlumat veriləcək. Ümumiyyətlə, sərgi boyunca Azercell bölməsini ziyarət edənlərə müxtəlif sürprizlər və hədiyyələr təqdim olunacaq.

Noyabrın 24-də sərgi çərçivəsində "Bakutel" konfransı da baş tutacaq. Burada innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, infrastruktur və hüquqi baza, İnternet və sosial şəbəkələrin inkişafı, İKT sektorunun perspektivləri kimi mövzular müzakirə ediləcək.

İlk dəfə olaraq, "Bakutel" sərgisində Avstriya, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Rumıniya, ABŞ, və digər ölkələrdən 18 milli ekspozisiya iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti