Azərbaycan, Bakı, 23 fevral /Trend müxbir H. Vəliyev/
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində alternativ rabitənin təmin edilməsi üçün fiber-optik infrastrukturun yaradılması üzrə işlər başa çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
İşlər Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsdiq etdiyi kompleks plana əsasən həyata keçirilib. Kompleks plan nazirliyin bütün struktur bölmələrinin üzərinə müəyyən vəzifələr qoyur.
"Baku Crystall Hall"dan teleqülləyə, habelə İctimai TV-nin ofisinə və Gəncə şəhərində telestansiyaya fiber-optik kabel xətləri çəkilib.
İşlər Bakı və Frankfurt arasında yüksək dəqiq görüntünün ötürülməsinin (HD TV- High Defination), habelə "Trans Asiya Avropa" kabel magistralı infrastrukturunun üzərindən rəqəmsal televiziya yayımının təşkilini nəzərdə tutur.
Qeyd edək ki, bununla yanaşı, HD formatda tele və radiokanallar işə salınacaq. Bu istiqamətdə işlər İTV ilə aparılır.
"Eurovision-2012" müsabiqəsinin çəkilişləri də HD formatda yayımlanacaq. Radiokanallar da HD formatda işləyəcək.